top of page

Mətyu Multari: Assuriyanın Müstəqilliyi Uğrunda Döyüş

“Orada əyri və solğun bir atlı uzanmışdı

Alnında tər, zirehi pas atmışdı:

Boş qalmışdı çadırlar, tənha bayraqlar,

Yiyəsiz nizələr və səssiz zurnalar.

   Və Aşurun dul qadınları bərkdən ağlamışdı.”

- Lord Bayron,  Sennaxeribin Yıxılması (Assuriyanın Çarı)

 

          19-cu əsrin əvvəllərində Qərb dünyası Assuriya və onun nəslinin öldüyünə inanırdı.  1815-ci ildə "Sennaxeribin Yıxılması" əsərini yazan İngilis şair Lord Bayron üçün Assuriyanın varlığına işarət edən yeganə qeyd bibliyada onun hökmdarlarının zülmü haqqında yazı idi. İngilis arxeoloqu Henri Layard, ilk qazıntılarını 1845-ci ildə qədim Assuriyanın paytaxtı Nimrudda etmişdi. Onun sonrakı qazıntıları, Mesopotamiya qumları altında basdırılmış gözəl əsərlər, heykəllər, lövhələr və şəhərləri aşkar etdi. Bir müddət İngiltərə ictimaiyyəti bəşər tarixində ilk sivilizasiya olan Bərəkətli Aypara xəzinələrinin tapılması ilə heyran qaldı. Ancaq dünyanın əksəriyyəti üçün Assuriya canlı deyildi, o yalnız gil və daşlarda yaşayırdı. Yalnız 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində, Şimali Mesopotamiyanın yerli sakinləri olan və Suriya dilini bilən bir qrup özlərini bütün dünyada bilinən qədim Assuriya və Babilin nəsilləri və mədəni varisləri elan etməyə başladılar.

 

          Əslən Şimali Mesopotamiyadan, indi Türkiyənin şimal-qərbindən, İraqın şimalından və İranın qərbindən olan Suriya dilinin daşıyıcıları aramik dilində danışırlar. Bu dil daha qədim bağları olan Akkad dili ilə birlikdə (Assuriyalıların və Babillilərin orijinal dili), eramızdan əvvəl VIII əsrdə Kral III Tiglatpalasar tərəfindən Neo-Assuriya İmperiyasının rəsmi dili olaraq təyin edilmişdir. Bu gün Assuriyalılar tərəfindən danışılan Aramik dilinin ləhcələri, xüsusən digər mədəniyyətlərdən çox uzaqda yerləşən kənd yaşayış məntəqələrində istifadə olunan çoxlu Akkad sözlərini saxlayır. Bu, geyim, mətbəx, rəqs və folklor kimi mədəni ənənələrlə birlikdə (Gilqamış dastanı kimi qədim Mesopotamiya nağıllarının elementlərinə malikdir) qədim Assuriya və Babil mədəniyyətləri ilə müasir Assuriyalılar (və ya Xaldeyli Assuriya - Assuriya və Xaldey-Babil kimliklərinin birliyini nümayiş etdirmək üçün çağırıldıqları kimi) arasındakı davamlılığı sübut edir. Assuriyalılar da xristianlığı qəbul edən ilk xalqlardan idi və Asiyada xristianlığı qəbul etməyə və yaymağa davam etdilər (Çin və Hindistanda ən böyük təsir gücünə çatdılar). Bu mədəni və dini ünsürlər Assuriyalıları qonşu xalqlardan uzaqlaşdırdı və siyasi qeyri-sabitlik və gərginlik dövründə onların işğal məqsədlərinə çevrildi.

 

          Assuriyalılara qarşı Kürd tayfalarının törətdiyi qırğınlar 1842-ci ildə Badr Xan tərəfindən törədilən qırğın kimi, Osmanlı İmperatorluğunun Balkan kimi bölgələrində milliyətçi ideologiyanın artması, 19 -cu əsrdə Assuriya millətçiliyinin yüksəlməsinə kömək etdi. Henri Layardın komandası tərəfindən qədim Assuriya qalıntılarının qazılması da, xüsusən Layardın sağ əli Ormuzd Rassam Xaldeyli olduğu üçün bu milli kimliyə töhfə vermiş ola bilər. 1915-ci il Osmanlı soyqırımı Assuriya milliyətçi ideologiyasını və milləti Mesopotamiya vətənində müstəqil bir dövlət yaratmağa çağırmaq üçün hərəkətə gətirən həlledici hadisə idi. Soyqırım Assuriya kəndlərində kütləvi qan tökülməsindən və onların bu kəndlərdən zorla qovulmasından ibarət idi, bunu Amerikalı, İngilis və Alman şahidləri də (hücumlardan sağ çıxan Assuriyalılara əlavə olaraq) sübut edir.

          Birinci Dünya Müharibəsindən əvvəl Assuriya əhalisinin sənədləri çox az olduğu üçün soyqırımından ölənlərin sayı təxminidir, lakin əksər rəqəmlər 250.000 (Birinci Dünya Müharibəsi dövründə Millətlər Cəmiyyətində Assuriya nümayəndə heyətinin istifadə etdiyi sayı) ilə 750.000 (bu gün əksər soyqırım hesabat verən təşkilatlar tərəfindən istifadə olunan sayı) arasında dəyişir. Assuriya əhalisinin yarısından üçdə ikisinə qədər sistematik şəkildə öldürmüş, qalan əhali isə qonşu ölkələrə sığınmaq məcburiyyətində qalmışdı. Sağ qalanlar muxtar bir dövlət yaratmaq istəyində idilər, çünki, assuriyalıları qoruyacaq  siyasi mexanizmi sırf bunda görürdülər.  Rusiya və İngiltərə hərbi liderləri, Assuriyalılardan Müttəfiq Güclərlə birləşməyi və Birinci Dünya Müharibəsində Osmanlıları məğlub etmələrinə kömək etmələrini istədi, qələbə mükafatı olaraq isə Şimali Mesopotamiyada müstəqillik vəd etdi. Assuriyalılar bu təklifi qəbul etdilər və 1918-ci ildə Müttəfiqlərin qələbəsinə töhfə verdilər. Müharibədən sonra Türkiyədən İraqa köçmüş bir çox Assuriyalı, İngilis Mesopotamiya hökumətinin hərbi birləşmələri olan İraq Levilərinə qoşuldu. 1920-ci illərin əvvəllərində yeddi əhəmiyyətli döyüşdə və İngiltərənin bölgəyə nəzarəti təmin etmək üçün Şimali İraqdakı çoxsaylı kiçik döyüşlərdə iştirak etdilər.

          Dünya Müharibələri arasında, 1918-1939 -cu illərdə Assuriya liderləri sülh konfranslarında iştirak edirdilər və Millətlər Cəmiyyətindən hərbi xidmət müqabilində söz verdikləri bir muxtar dövlət qurmalarını istədilər. Qafqaz, Türkiyə, Mesopotamiya, İran və ABŞ -dan olan Assuriya nümayəndə heyəti 1919 Paris Sülh Konfransına beş memorandum təqdim etdi. Nümayəndələr 1915-ci il soyqırımını, Birinci Dünya Müharibəsi dövründə və sonrasında Assuriyalıların hərbi xidmətini və muxtar ərazinin təhlükəsizliyi olmadan Mesopotamiyada həyat üçün təhlükəni nəzərə alaraq, Assuriya dövlətçiliyi davası ilə bağlı mübahisə etdilər. Üçlü İttifaq tərəfindən 1920-ci ildə imzalanan Sevr müqaviləsi, keçmiş Osmanlı İmperatorluğunu parçaladı və "bölgədəki Assur-Xaldeylərin və digər etnik və ya dini azlıqların qorunması üçün tam zəmanət" tələb edən bir bənd daxil etdi. Müqavilə, Asuriyalılar üçün kürdlər kimi digər qruplara nisbətən daha az müddəa təmin etsə də (onlara muxtariyyət verdi), Asuriyalılara və onların təhlükəsizliyinə birbaşa istinad Asuriyanın milli işində əhəmiyyətli bir addım idi. Təəssüf ki, bu müqavilə inqilab baş verərək Türkiyə Respublikasına çevrilən Türkiyə tərəfindən ratifikasiya olunmadı və dövlətin başçısı (daha dəqiq deyilsə, Mustafa Kamal) Sevr müqaviləsinin hər hansısa bir dəyərinin olduğunu inkar etdi. Lozanna Müqaviləsi 1923 -cü ildə Millətlər Cəmiyyəti tərəfindən imzalanmış və ratifikasiya edilmiş və Assuriyalıların müdafiəsini təmin etməmiş və Assuriyalıların müqavilə ilə bağlı danışıqlar aparmasına icazə verilməmişdir.

          Beynəlxalq ictimaiyyət tərəfindən rəsmi olaraq tanınmayan Assuriya liderləri İraqdakı xalqlarının təhlükəsizliyi üçün qorxurdular. İraq dövləti daxilində mərkəzləşdirilmiş, muxtar bir bölgə yarada bilmədikləri üçün İraqın şimalındakı kəndlərə dağıldılar. Bu böhran dövründə Assuriya xalqının mənəvi və siyasi lideri kimi çıxış edən Şərq Patriarxı Mar Şimun XXIII, İraqdakı Assuriyalılara qarşı ictimai rəyin pisləşdiyini bilirdi. İraqda əhalinin əksəriyyəti, eləcə də hökumət o dövrdə ərəblər idi. Assuriyalılar, eləcə də kürdlər, potensial milli homojenlik təhlükəsi kimi görülürdülər. 1920-ci illərin sonunda İngiltərə İraqdakı nəzarəti Kral Faysal dövründə qurduğu hökumətə təhvil verməyə hazırlaşırdı və Mar Şimun bunu Assuriyalılar üçün ölüm hökmü olaraq görürdü. 1932-ci ildə Millətlər Cəmiyyətinə müraciət edərək, "Gələcəkdə qorunmamız üçün təsirli bir zəmanət olmadan [İngiltərə Mezopotamiya Hökumətinin] mandatı ləğv edilsə, o zaman bizim məhvimiz davam edəcək" dedi. Bununla yanaşı, eyni zamanda, Millətlər Cəmiyyəti eyni ildə İraqa milli müstəqillik verdi.

          Mar Şimunun müstəqil İraqda himayəsi olmayan Assuriyalıların pis taleyi ilə bağlı intuisiyası onu yanıltmadı. 1933-cü ildə İraq ordusu Şimali İraqda 2000-dən çox Assuriyalını qırdı. Assuriyalılara qarşı böhran təbliğ etdilər, 60 kəndi viran və qarət etdilər. Kütləvi qan tökülməsinin özü son dərəcə qəddar idi. Qırğının  ən dəhşətli detalları əsgərlərin hamilə qadınların qarnını kəsmələri, uşaqları süngü ilə bıçaqlamarı, keşişlərə işgəncə verərək öldürmələri, müqəddəs kitabları alov qalamaq üçün istifadə etməkləri və bu alovda qızları diri -diri yandırma1larıdır. Bu qırğınlar Sumail Qırğını kimi tanındı və açıq şəkildə İraqın şimalındakı Assuriyalılarda qorxu yaratmaq və onları İraq hökumətinə tabe olmağa məcbur etmək məqsədi daşıyırdı. Bu vəhşiliklərdən xəbərdar olan Millətlər Cəmiyyəti, İraqın Liqa üzvü olduğu üçün heç bir tədbir görmədi və bunun əvəzinə Asuriyalıların təhlükəsizliyini təmin etmək məqsədi ilə, onları yerləşdirmək üçün bir yer tapmağa çalışdı. 1934 -cü ilə qədər bu səylər dayandırıldı və 1940-cı ilə qədər Assuriyalıların müstəqilliyi məsələsi artıq beynəlxalq birlik tərəfindən müzakirə edilmədi. İkinci Dünya Müharibəsi əsnasında İraqlı Assuriyalılar, Nasistlərlə əlaqəli İraq hökumətinə qarşı Müttəfiq Qüvvələr adından döyüşdülər və Habbaniyah Döyüşü əsnasında kritik bir hava limanını müvəffəqiyyətlə müdafiə etdilər, lakin müstəqillik əldə etmək səyləri nəticəsiz qaldı.

 

          İki Dünya Müharibəsi arasında və İkinci Dünya Müharibəsindən sonra Assuriyanın müstəqillik istəklərinin rədd edilməsi, müasir Qərb ictimaiyyətinin bir çoxunun 1800-cü ildə olduğu kimi Assuriyalıların varlığından xəbərdar olmamasının əsas səbəbidir. Buna baxmayaraq, Assuriyalılar bütün dünyada diasporada öz dilini, dinini, adətlərini, ənənələrini, mətbəxini, folklorunu, rəqsini və öz tarixi haqqında bənzərsiz biliklərini qorumağa davam etdilər. Həmişə daşıdıqları qədim irsin, ən qədim insan sivilizasiyasının mirasının çiçəklənməyə davam edəcəyi və müasir dünyaya dəyər və parlaqlıq gətirə biləcəyi ümidi ilə həmişə möhkəm dururlar. Beynəlxalq birlik, dayanıqlı bir xalqın və mədəniyyətin solmasına və məhv olmasına icazə verə bilməz. Siyasi muxtariyyəti olmayan Şimali İraqdakı Asur əhalisi, İŞİD tərəfindən 2014-2017 -ci illər arasında onlara edilən etnik təmizləmə ilə üzləşməyə davam edir. İŞİD, minlərlə Assuriyalını nəinki öldürdü, zorladı və evlərindən qovdu, həm də Asurların təmsil etdiyi bir çox mədəni irsi silmək üçün Nimrud şəhərində qədim Assur abidələrini zədələyib məhv etdi. Bu hadisə və ondan əvvəlki uzun zülm tarixi sübut edir ki, dövlətlər daxilində azlıqların hüquqlarını qorumaq üçün boş vədlər və qərarlar 3000 ildən artıqdır ki, vətənlərində olan Assuriya əhalisini qorumaq üçün kifayət deyil. Assuriyanın müstəqillik çağırışı, beynəlxalq ictimaiyyətin bilərəkdən göz ardı edə bilməyəcəyi bir məqamdır.

bottom of page